Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının ikinci yarış günündə yunan-Roma güləşi üzrə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələrində mübarizəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən ikisi finala vəsiqə qazanıb.
Bu nailiyyətə Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) imza atıb.
Cəfərov startda isveçli Niklas Oehleni 5:1 hesabı ilə üstələyib. Titullu güləşçi daha sonra bolqarıstanlı Abu Muslim Amayevi “tuş”la yolundan kənarlaşdırıb. Gərgin keçən yarımfinal görüşündə isə o, gürcüstanlı Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gələrək 4-cü dəfə böyüklər arasında Avropa çempionatının finalına yüksəlib. Cəfərov aprelin 22-də həlledici görüşdə türkiyəli Murat Fıratla güləşəcək.
Qurbanov isə bolqarıstanlı Svetoslav Nikolov (7:3) və moldovalı Mihail Braduya (5:4) qalib gələrək yarımfinala yüksəlib. O, finalın bir addımlığında gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeni üstələyib – 2:1. Qurbanov sabah həlledici görüşdə rusiyalı Adlet Tülbayevlə mübarizə aparacaq.
Yarışa 1/4 finaldan qoşulan Nihat Məmmədli (60 kq) ukraynalı Vladislav Kuzkoya şans tanımayıb – 5:0. O, yarımfinalda ermənistanlı Suren Ağacanyana (tuş) uduzub və sabah bürünc medal uğrunda Tommaso Bosi (İtaliya) – Suner Konunov (Rusiya) qarşılaşmasının qalibi ilə güləşəcək.
Ruslan Nurullayev (72 kq) debütdə ukraynalı Dmitro Vasilyevi (9:5) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Qaspar Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
Murad Əhmədiyev (97 kq) finlandiyalı Arvi Savolaynenlə (7:3) xorvatiyalı Filip Smetkodan (2:1) güclü olub. Ancaq 1/4 finalda rusiyalı Artur Sarqsyana məğlub olub – 0:4.















































































