Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını ümumi komanda hesabında birinci pillədə başa vurub.
Sportnet.az-ın məlumatına görə, 2 qızıl, 3 bürünc medal qazanan yığma 10 çəki dərəcəsindəki çıxışların cəmində ümumilikdə 133 xal toplayıb.
Türkiyə 121 xalla 2-ci, Gürcüstan 118 xalla 3-cü yeri tutub. Avropa çempionatında bu növ üzrə ümumilikdə 30 ölkə və 31 komanda çıxış edib.
Qeyd edək ki, milli üzvlərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycan komandası ardıcıl ikinci, ümumilikdə üçüncü dəfə (2022, 2025, 2026) Avropa çempionu olub.















































































