Avropada rəqəmsal analiz və kiberkəşfiyyat sahəsində fəaliyyət göstərən məsləhətçi şirkət İspaniyanın “Real Madrid” klubuna prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə koordinasiyalı fəaliyyət göstərən 326 şübhəli hesab müəyyən etdiyini açıqlayıb.
Sportnet.az “Marca”ya istinadla xəbər verir ki, araşdırmaya əsasən, həmin hesablar klubun hazırkı prezidenti Florentino Peresin imicinin gücləndirilməsi və onun əsas rəqibi hesab olunan iş adamı Enrike Rikelmeyə qarşı tənqidi məzmunun yayılması məqsədilə istifadə olunub.
Hesabatda bildirilir ki, seçki kampaniyası ilə bağlı 119 mindən çox paylaşım və şərh təhlil edilib. Şübhəli hesablar seçkilərin elan olunduğu tarixdən - 14 maydan sonrakı iki həftə ərzində 29 mindən çox paylaşım həyata keçirib.
Həmçinin qeyd olunur ki, sözügedən hesabların bir qismi uzun müddət fəaliyyətsiz qaldıqdan sonra yenidən aktivləşdirilib, bəziləri isə seçki kampaniyası dövründə yaradılıb.
Qeyd edək ki, “Real Madrid”də prezident seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə iki əsas namizəd – klubun hazırkı prezidenti Florentino Peres və ispaniyalı iş adamı Enrike Rikelme mübarizə aparacaq.


















































































