Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunun "Çelenc raundu"nda cavab oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Ziya Rəcəbovun baş məşqçi olduğu komanda İtaliyada "Novara"nın qonağı olub.
Bir həftə öncə Bakıda keçirilmiş ilk görüşdə meydan sahibləri qalib gəlmişdi - 3:1. Bu səbəbdən, "Azəryol"a yarımfinala yüksəlmək üçün 2:3 hesablı məğlubiyyət də yetərli idi. Azərbaycan təmsilçisi 0:3 və ya 1:3 hesabı ilə uduzacağı təqdirdə, cütün qalibi "qızıl set"də müəyyənləşəcəkdi. Novara şəhərindəki eyniadlı idman sarayında təşkil olunmuş cavab qarşılaşmasında "Azəryol" ikinci setdən üstün ayrılsa da, setlər nisbəti meydan sahiblərinin xeyrinə olub - 3:1. Beləliklə, cütün taleyi "qızıl set"də həll olunub. Bu zaman Azərbaycan təmsilçisi sonadək üstünlüyü əldən verməyərək, qələbəyə nail olub - 15:13.
Yarımfinalda rəqib Almaniya "Ştutqart"ını həm səfərdə, həm də evdə 3:0 hesabı ilə yenən Rusiyanın "Dinamo" (Krasnodar, Rusiya) komandası olacaq.
CEV Kuboku, Çelenc raundu
23:30. "Novara" (İtaliya) - "Azəryol" (Azərbaycan) - 3:1 (25:23, 26:28, 25:23, 25:18)
Qızıl set: 13:15
Hakimlər: Kiril Nesterenko (Rusiya), Boris Skudnik (Sloveniya)
Novara, Novara İdman Sarayı