Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etməsi rəsmiləşib.
Sportnet.az xəbər verir ki, 22-26 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında millimiz çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xalla 4-cü yeri tutub.
Builki qitə çempionatlarında qrup hərəkətləri komandaları arasında yalnız bir lisenziya oynanılırdı. Budapeştdəki Avropa çempionatında artıq Olimpiya Oyunlarına lisenziya qazanmış 3 komandadan sonra ən yüksək nəticəni əldə edən Azərbaycan “Paris-2024”də iştirak haqqı qazanıb.
Bununla da ölkəmiz Olimpiadaya gimnastika üzrə 3 lisenziya qazanıb.
Xatırladaq ki, Olimpiya Oyunlarına gimnastikada ilk lisenziyanı Zöhrə Ağamirova əldə edib. İkinci lisenziyaya batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova sahib çıxıb.