
FİFA dünya çempionatının ilk iki 1/4 final matçlarının hakimlərini elan edib. Sportnet.az-ın məlumatına görə, ilk yarımfinalçının müəyyən ediləcəyi qarşılaşma argentinalı referiyə həvalə olunub.
Fransa - Almaniya matçı 39 yaşlı Nestor Pitanaya tapşırılıb. Cənubi amerikalı ədalət təmsilçisi DÇ-2014-də artıq 3 oyunu idarə edib. O, Rusiya - Cənubi Koreya (1:1), ABŞ - Portuqaliya (2:2) və Honduras - İsveçrə (0:3) oyunlarında işləyib.
Digər 1/4 finalda - Braziliya - Kolumbiya matçını ispaniyalı Karlos Velasko Karbalyo idarə edəcək. O, qrup mərhələsində Uruqvay - İngiltərə (2:1) və Bosniya və Herseqovina - İran (3:1) qarşılaşmalarını idarə edib.
Qeyd edək ki, Fransa - Almaniya görüşü iyulun 4-də saat 21:00-da, Braziliya - Kolumbiya matçı isə iyulun 4-dən 5-nə keçən gecə saat 01:00-da start götürəcək.