Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, səfərin məqsədi 18-19 mart 2026-cı ildə WADA-nın Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziuma hazırlıq işləri ilə tanışlıq xarakteri daşıyıb.
Simpozium Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı əsasında baş tutacaq.
WADA 2026-cı ildə dörd Regional Simpozium keçirəcək və Avropa üzrə tədbir məhz Bakıda reallaşacaq. Bu simpoziumlar 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və Beynəlxalq Standartların tətbiqinə hazırlıq mərhələsində regional tərəfdaşların ehtiyac və çağırışlarını nəzərə almaq məqsədilə təşkil olunacaq. Yeni Məcəllə və standartlar 2025-ci ilin dekabr ayında Koreya Respublikasının Busan şəhərində keçiriləcək İdmanda Dopinqlə Mübarizə üzrə Ümumdünya Konfransında təsdiqlənəcək və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
WADA-nın nümayəndə heyətində ali antidopinq qurumunun Avropa ofisinin və İdman hərəkatı ilə əlaqələr departamentinin direktoru Sebastien Gillot və Tədbirlərin idarə olunması üzrə menecer Riziero Pisani yer alıblar. Nümayəndə heyəti Bakıda simpoziumun keçiriləcəyi məkan və digər infrastruktur obyektlərinə baxış keçirib.
Sebastien Gillot hazırlıq işlərinin yüksək səviyyədə və razılaşdırılmış plana uyğun şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 2026-cı ildə Avropa üzrə Regional Simpoziumun Bakıda keçirilməsi həm WADA, həm də Azərbaycan idman ictimaiyyəti üçün əlamətdar hadisə olacaq.
Riziero Pisani qeyd edib ki, simpoziumun AMADA-nın fəaliyyətinin 10 illiyi ərəfəsində keçirilməsi Agentliyin WADA ilə uzunmüddətli əməkdaşlığını və regionda antidopinq təşəbbüslərinin gücləndirilməsinə sadiqliyini nümayiş etdirir. Nümayəndə heyəti AMADA-nın simpoziumun təşkilindəki rolunu yüksək qiymətləndirib, Azərbaycanın beynəlxalq miqyaslı tədbirləri peşəkar və mükəmməl şəkildə təşkil etmək bacarığını xüsusilə vurğulayıb.











































































