Avropa Paralimpiya Komitəsinin təşkilatçılığı ilə 3-5 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində Siyasət və İnkişaf Forumu keçirilib.
Sportnet.az xəbər verir ki, foumda 23 ölkənin Milli Paralimpiya Komitələrinin nümayəndələri, eləcə də 40-a yaxın ölkədən beynəlxalq idman federasiyalarının, universitetlərin və vətəndaş cəmiyyəti təşkilatlarının rəsmiləri iştirak ediblər. Tədbir paraidmanın inkişafı sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayıb.
Forumda Milli Paralimpiya Komitəsini Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə təmsil ediblər.
Üç gün davam edən forum çərçivəsində Avropada paraidmanın inkişaf perspektivləri, inklüziv siyasətlərin tətbiqi, təhsil proqramlarının rolu, idman təşkilatlarında səmərəli idarəetmə modelləri və beynəlxalq əməkdaşlıq imkanları geniş müzakirə olunub. Sessiyalar zamanı iştirakçılar müxtəlif ölkələrdə həyata keçirilən uğurlu layihələr və qabaqcıl təcrübələr barədə təqdimatlarla çıxış edərək fikir mübadiləsi aparıblar.
















































































