Almaniyanın "Nürnberq" komandasının futbolçusu Danni Blum müsəlmanlığı qəbul edib. Sportnet.az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, 24 yaşlı hücumameylli yarımmüdafiəçi Türkiyənin Antalya vilayətinin Bələk bölgəsindəki "Mecekler Məscidi"ndə namaz qılıb.
"İslam mənə güc və qüvvət verir, dua etmək ruhumu rahatladır" - deyən futbolçu qərarını bu cür izah edib: "Əvvəllər futboldan kənar əyləncəli və məsuliyyətsiz bir həyatım vardı. Sonralar bu cür həyatın hər şeyi ifadə etmədiyini düşünməyə və öz-özümə suallar verməyə başladım. Dostlarımla dini söhbətlər edirdim. Həm kitab, həm də internetdən dinlə bağlı araşdırma apardıqda İslam mənə maraqlı gəldi. Araşdırdıqca da öyrəndiklərim məni bu dinə yaxınlaşdırdı və müsəlman olmağa qərar verdim. Artıq həyata pozitiv baxıram".
Hər gün 5 rukət namaz qıldığını söyləyən D.Blum halal qidaları seçdiyini və spirtli içkilərdən uzaq olduğunu bildirib. O, ibadət edərkən heç kimin rahatlığını pozmaq istəmədiyini də qeyd edib: "İslam barışcıl dindir. İnancım kimsəni etmək istəmədiyi bir şeyə məcbur etməyə icazə vermir. Seçimimdən sonra mənə bu istiqamətdə pis sözlər deyən olmadı. Olsa belə bu, məni yolumdan döndərə bilməz. Hamının özünə görə inancı var".
Blumun sözlərinə görə ailəsi də bu seçimdə ona dəstək verib. Futbolçunun xristian ailəsi bu xəbəri eşitdikdə əvvəlcə təəccüblənib, sonra isə ona istədiyi kimi yaşaya biləcəyini deyiblər.
Qeyd edək ki, Danni Blumun formasını geyindiyi "Nürnberq" Almaniyanın II Bundesliqasında çıxış edir.