![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739046934_gules1.png)
Xorvatiyanın paytaxtında keçirilən güləş üzrə “Zaqreb Open” reytinq turnirində Azərbaycanın daha 7 güləşçisi mübarizə aparıb.
Sportnet.az xəbər verir ki, qadın güləşində 57 kq çəki dərəcəsində cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. O, ABŞ-dan olan Cakarra Vinçesterə 4:7 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Böyüklər arasında debüt edən Zəhra Kərimzadə 72 kq çəkidə dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə 0:3, xorvatiyalı Veronika Vilkə 2:6, ABŞ təmsilçisi Skilar Qrota 0:10 və macarıstanlı Noemi Naqiyə 1:10 hesabı ilə uduzub.
Yunan-Roma güləşçilərinə gəldikdə, 77 kq çəkidə Azərbaycanın 3 təmsilçisi xalça üzərinə çıxıb.
Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabı ilə məğlub olub.
Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda Dünya Güləş Birliyinin (UWW) bayrağı altında yarışan əslən rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabı ilə qalib gəlib. Lakin 1/4 finalda o, yenə Stepanovla bacarmayıb – 0:4.
UWW təmsilçisi finala yüksəldiyi üçün Azərbaycan güləşçiləri təsəlliverici görüşlərə vəsiqə qazanıblar. Həsənli ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. O, bürünc medal uğrunda UWW təmsilçisi Sergey Kutuzovla güləşib və 1:3 hesabı ilə uduzub.
İslam Abbasov 87 kq çəkidə özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabı ilə, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb.
1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabı ilə məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyindən, birbaşa bürünc medal uğrunda güləşmək hüququ əldə edib. O, axşam seansında rusiyalı Milad Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri düşən Abbasov əzmkarlıq nümayiş etdirərək geridönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahibi çıxıb.
Bu çəkidəki digər güləşçi Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabı ilə məğlub olub.