
İyunun 21-də Bakı Kristal Zalında Qafqazda ilk dəfə dünya miqyaslı döyüş təşkilatı UFC-nin (Ultimate Fighting Championship) turniri baş tutacaq.
Sportnet.az xəbər verir ki, "UFC Fight Night 258" ("Döyüş Gecəsi") adlı turniri təkcə idman baxımından deyil, həm də region üçün böyük əhəmiyyət daşıyır.
Azarkeşlər UFC-nin ulduz döyüşçülərini canlı izləmək fürsəti əldə edəcəklər.
UFC Asiya və Yaxın Şərq auditoriyasını fəal inkişaf etdirir. Eyni zamanda, Azərbaycan bu turnirə ev sahibliyi edən ikinci MDB ölkəsi olacaq. Rusiya artıq üç tədbirin təşkilatçısı olub, lakin sonuncusu 6 il əvvəl - 2019-cu ildə Moskvada baş tutub.
Onu da əlavə edək ki, 2020-ci ildə Qazaxıstanda da turnirin təşkili planlaşdırılsa da, COVID-19 pandemiyası səbəbindən tədbir ləğv edilib.
UFC-nin təşkili üçün lazım olan məbləğ
Rafael Fiziyev, Nazim Sadıxov və digər məşhur döyüşçülərin meneceri Sayat Abdrahmanov Qazaxıstanın UFC turnirinə ev sahibliyi etmə perspektivlərini dəyərləndirib: "Düşünürəm ki, bu, gec-tez baş verəcək, lakin tezliklə olmayacaq.
Hər şey puldan asılıdır. UFC-nin səudiyyəlilərlə əməkdaşlığa başladığını nəzərə alsaq, qiymət etiketi ildən-ilə artır. Hər şey bu pulu olan adamdan, onun istəyindən asılıdır. UFC turniri keçirmək üçün 10-15 milyon dolları olan şəxs varsa, biz ona kömək edə bilərik”.
Göründüyü kimi, UFC turnirinin təşkili üçün ən azı 10 milyon dollardan keçmək lazımdır.