
Çimərlik güləşi üzrə mövsümə yekun vurulub.
Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 güləşçi təmsil edib.
80 kq
Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar.
A qrupunda yer alan Dadaşov gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyibsə, serbiyalı Milyan Rayiçə heç bir şans tanımayıb – 3:0.
B qrupunda qərarlaşan Əliyev isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabıyla məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabıyla qalib gəlib.
Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında Azərbaycan təmsilçiləri üz-üzə gəlib və ikinci birincini 3:2 hesabı ilə məğlub edib.
Dadaşov Zoidzeyə 4:2 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Əliyev isə finalda Mixaylova 2:3 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.
90 kq
İbrahim Yusubov A qrupunda ABŞ-dan olan Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçi ABŞ-ın digər təmsilçisi Cabari Ayronsa da gücünü göstərib – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabı ilə qalib gələrək çempion olub.
Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladığı xallar hesablanıb və hər çəki üzrə yekun 3-lük müəyyənləşib.
Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kq-da dünya çempionu olub. İbrahim Yusubov isə 90 kq-da eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçi 4 qat dünya çempionu ünvanına sahib çıxıb.
Qeyd edək ki, ilk dəfə bir mövsümdə Azərbaycanın 2 təmsilçisi böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.