"Onun artıq ikiqat İslamiada qalibi olması ikiqat dünya və ikiqat olimpiya çempionluğu qazanması baxımından stimuldur".
Bunun Sportnet.az-a açıqlamasında cüdo üzrə olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov deyib.
Təcrübəli mütəxəssis yetirməsinin ikiqat olimpiya çempionluğu şanslarını belə dəyərləndirib: "Bu, hər bir idmançıya nəsib olmur, amma Hidayətin enerjisi var. Azərbaycan xalqına, Prezidentimizə, müəllimlərinə söz verib. Ona görə də mənə elə gəlir ki, "qabında var", olmalıdır".
Həsənov 28 yaşlı idmançının 2024-cü il Paris Yay Olimpiya Oyunlarından sonra iki yarışda medal qazana bilməməsinin səbəbini də açıqlayıb: "Heydərovun ötənilki olimpiadada göstərdiyi performans dördilliyin hazırlığı idi. O hazırlıqdan sonra zirvədə qalmaq qeyri-mümkündür. Hətta ən məşhur idmançılar belə, o zirvədə dayana bilmirlər. Hamısında olimpiadadan sonra eniş olur. Hidayət indi özünü lazımi formasına qaldırır. Amma yenə də tam formada ola bilməz".
Məşqçi titullu idmançının 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarınadək qala 3 illik müddətdə tam formaya düşəcəyinə inam ifadə edib: "Hələ hazırlıq üçün 3 ilədək vaxt var. Peşəkarlıq hər idmançıda olmur. İnsan avtomobil deyil ki, forsaj edəsən. Gərək aşağı düşməyi də, özünə gəlməyi də, sakitləşməyi də bacarasan. Eyni zamanda psixoloji, fiziki, taktiki-texniki hazırlıq da üst-üstə düşməlidir".











































































