İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən qitə birinciliyinin üçüncü günündə Azərbaycan milli komandası daha 2 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Elcan Əliyev (78 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıb.
Vasif Səlimov (68 kq) isə gümüş medal əldə edib.
Bununla da Azərbaycan taekvondoçularının Avropa birinciliyində qazandığı ümumi medal sayı 5-ə ( 2 qızıl, 1 gümüş, 2 bürünc) çatıb.
Daha əvvəl İlyas Hətəmli (48 kq) qızıl, Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) bürünc medala yiyələnib.
Azərbaycan komandası ümumi hesabda oğlanlar arasında birinci yeri tutaraq kuboka layiq görülüb. Çempion adını qazanan milli komandanın üzvü İlyas Hətəmli (48 kq) yarışın ən yaxşı idmançısı, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva ən yaxşı qadın hakim seçilib.











































































