"Azərbaycan güləş tarixinə nəzər yetirsək, həmişə aşağı çəki dərəcələrində istedadlarımızın sayı ağır çəkilərə nəzərən daha çox olub. Əksərən fiziki xüsusiyyətlərimizə görə digər ağır çəkili güləşçilərin yetişməsi çətinliklə başa gəlib. Hətta boyu və fiziki xüsusiyyətləri çox yüksək olan həmin çəkilərə tələbat o qədər yüksəkdir ki, hər hansı idman növü ilə məşğul olduqları zaman digər sahələrə çox rahatlıqla yönəlirlər. Onları saxlamaq çox çətin olur".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev sərbəst güləş üzrə yuxarı çəki dərəcələrində legioner asılılığından qurtulmağın nə zaman mümkün olacağına dair sualı cavablandırarkən deyib.
Piriyevin fikrincə, yaxın vaxtlarda pilot layihələrə başlaya bilərlər: "Baxmayaraq ki, xalq olaraq, çox da ucaboy və ağır çəkili deyilik. Boy ortalamasına baxdıqda görərik ki, orta statistik çəkimiz o qədər də yüksək deyil. 97 kq, 125 kq çəki dərəcələrində güləşçilər çox çətinliklə çıxırlar. Lakin elə bölgələrimiz var ki, insanlar fiziki xüsusiyyətlərinin ortalamasından daha yüksəkdədirlər. Qusar, Zaqatala, Gədəbəy, Naxçıvanı misal göstərə bilərəm. Pilot layihə çərçivəsində ağır çəkili güləşçilərimizin yetişdirilməsi üçün həmin bölgələrdə fokuslanmış iş apara bilərik. Amma bu, o demək deyil ki, sabah olacaq və dərhal nəticəsini verəcək. Hətta sabah başlasaq belə, nəticələrini ən yaxşı halda, 5 il sonra görə biləcəyik. Çünki biz onları yeniyetmə vaxtlarında tapmalı, üzərlərində işləməliyik. Yeniyetməlikdən gəncliyə gedən dövr isə 5-6 ildir. Xüsusi istedad olarsa, 17-18 yaşlarında üzə çıxa bilər. Amma düşünürəm ki, çətin də olsa, ağır çəkilərdə də güləşçilərin yetişdirilməsi mümkündür. Bu istiqamətdə strukturlu, düzgün seleksiya işlərini aparmağı bacarsaq, hər hansı pilot proqramları yerinə yetirə bilsək, mənə elə gəlir ki, bir müddət sonra bu çəkilərdə də öz güləşçilərimizi görə biləcəyik".
















































































