“Yarış baxımından ilk startımız olan Albaniyada keçiriləcək reytinq turnirinə planlı şəkildə hazırlaşırıq. Əsas diqqəti güc və funksional hazırlığa ayırmışıq. Eyni zamanda texniki-taktiki hazırlığı da bura əlavə edirik".
Sportnet.az-ın məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Göygöldə davam edən təlim-məşq toplanışını dəyərləndirərkən deyib.
O bildirib ki, yanvarın 31-də yekunlaşacaq hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir: Bu toplanışdakı məqsədimiz güc göstəricilərini və funksional hazırlığı, həmçinin dözümlülüyü artırmaqdır. Əlbəttə, öz taktiki tapşırıqlarımızı yerinə yetirmək, rəqiblərimizi izləyib öyrənmək ki, gələcəkdə kiminlə necə mübarizə aparacağımızı bilək".
Lakin Qazyumovun fikrincə, komandanın hazırkı vəziyyəti haqqında danışmaq üçün hələ tezdir: "Çünki bu yaxınlarda Azərbaycan çempionatı keçirilib. Federasiyamız testlər təşkil etdi, həmin testlərdən keçdik və idmançıların orqanizmini yoxladıq. Güləşçiləri hazırlıq prosesinə cəlb edirik ki, gələcəkdə yüksək səviyyədə işləyə bilsinlər".
Baş məşqçi Albaniyadakı reytinq turnirinədək iki toplanışın nəzərdə tutulduğunu xatırladıb: "Daha əvvəl dediyim kimi, birinci toplanış daha çox güc və funksional hazırlıq xarakteri daşıyır. Həmçinin, Bakıda taktiki-texniki çalışmalar üzrə toplanış keçəcəyik”.















































































