
Bakı İdman Sarayında güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb. Sportnet.az-ın məlumatına görə, son yarış günündə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 96 güləşçi mübarizə aparıb.
75 kq-da Rüstəm Əliyev, 80 kq-da Emin Əhmədov, 85 kq çəkidə Rafiq Hüseynov, 98 kq-da Türmən Eyyubov və 130 kq çəki dərəcəsində Oyan Nəzəriani bütün rəqiblərindən üstün olub və Azərbaycan çempionu adını qazanıb.
İkinci yarış günündə 86, 97, 125 kq çəki dərəcələrində sərbəst, 59, 66 və 71 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 142 güləşçi mübarizə aparıb. Sərbəst güləş yarışlarında Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olaraq Azərbaycan çempionu adına layiq görülüb. Yunan-Roma güləşi yarışlarında isə, Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq) və Həsən Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və çempionatın qızıl medalına sahib olub.
İlk yarış günündə isə 57, 61, 65, 70 və 74 kq çəki dərəcələrində 152 nəfər sərbəst güləşçi mübarizə aparıb. 57 kq çəkidə Mahir Əmiraslanov, 61-də Cahid Həsənzadə, 65 kq-da Ağahüseyn Mustafayev, 70 kq-da Qitinomaqomed Hacıyev, 74 kq-da isə Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və Azərbaycan çempionatının qızıl medalını qazanıb.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunur.