Azərbaycanın boks üzrə milli komandası yenidən əcnəbi baş məşqçiyə həvalə olunacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a federasiyanın baş katibi Nağı Səfərov açıqlama verib.
Onun sözlərinə görə, hazırda bir neçə ölkədən olan təcrübəli mütəxəssislə danışıqlar aparılır. Lakin N.Səfərov konkret adlar açıqlamayıb: "Yeni baş məşqçi Rusiyadan da, Avropanın digər ölkələrindən də, hətta Amerikadan da ola bilər. İstəməzdik ki, indidən adını və ölkəsini açıqlayaq, danışıqlar nəticə vermədikdə isə arzuolunmaz durum yaransın. Amma namizədlərin hamısı zəngin karyeraya malikdirlər. İnanıram ki, yaxın vaxtlarda məsələ müsbət həll olunacaq və yeni baş məşqçimizi açıqlayacağıq".
Federasiya rəsmisi İrlandiya yığmasının baş məşqçisi Zaur Antia ilə danışıqların alınmamasının səbəbini də açıqlayıb. O bildirib ki, gürcüstanlı mütəxəssisin özü hələ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları zamanı yaxınlaşaraq, Azərbaycan millisində çalışmaq istədiyini bildirib. Lakin İrlandiya Boks Federasiyası onu buraxmayıb. Bununla da məsələ qapanıb.
Qeyd edək ki, Azərbaycan yığmasının əvvəlki baş məşqçi Pedro Roke "Rio-2016"dan sonra istefaya göndərilib.