Xaçmaz rayonunun Yeni Həyat qəsəbə stadionunda Şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə regional turnirin final matçı keçirilib.
Sportnet.az xəbər verir ki, oyundan əvvəl Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi anılıb.
Finalda Xaçmazın Qadaşoba və Qusarın Quxuroba komandaları qarşılaşıb. 2000-dən çox azarkeşin izlədiyi, gərgin və güzəştsiz mübarizə şəraitində keçən oyun 1:0 hesabı ilə Qadaşoba (Xaçmaz) komandasının xeyrinə başa çatıb.
Bağlanış və təltifetmə mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov, Şimal Regional Futbol Federasiyasının prezidenti Fəxrəddin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Mükafatçı komandalara Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplomlar, Şimal Regional Futbol Federasiyasının medalları ilə təltif edilmiş, qalib komandaya isə diplom və medallarla yanaşı, çempionatın kuboku təqdim edilib. Həmçinin, müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçular hədiyyələr və fəxri fərmanlarla təltif ediliblər.
Xatırladaq ki, mayın 7-də startı verilmiş regional turnirdə hər qrupda 3 komanda olmaqla, 24 komanda mübarizə aparıb. Final matçından əvvəl 3-cü yer uğrunda oyun keçirilib, Yalama komandası Gödəkli komandasına qalib gəlib- 3:1.







































































































