Bakıda keçirilən Beynəlxalq Cüdo Federasiyasının (İJF) hakimlər və məşqçilər üçün beynəlxalq seminarın iştirakçılarına ziyafət verilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) Sportnet.az-a verilən məlumata görə, mərasimdə İJF prezidenti Marius Vizer çıxış edərək iki gün ərzində paytaxtımızda keçirilən beynəlxalq seminarın yüksək səviyyədə təşkil olunduğunu bildirib. ACF-nin işini yüksək qiymətləndirən Vizer gələn il ölkəmizdə baş tutacaq dünya çempionatının da yaddaşlarda iz buraxacağına əminliyini ifadə edib. O, cüdonun inkişafındakı xidmətlərinə görə İJF-nin xüsusi mükafatını ACF vitse-prezidenti Sadıq Sadıqova təqdim edib. Sadıqov dünya cüdo təşkilatının rəhbərinə minnətdarlığını bildirərək, ölkəmizin dünyada aparıcı idman dövlətləri sırasında yer aldığını vurğulayıb. İJF-nin belə bir əhəmiyyətli tədbiri Bakıda keçirməsinin əhəmiyyətindən danışan vitse-prezident yeni qaydaların cüdonun inkişafı üçün önəmli rol oynayacağına əminliyini ifadə edib.
Sonra İJF baş katibi, Fransa Cüdo Təşkilatının başçısı Jan Roje Azərbaycanın dünya cüdo ailəsində xüsusi çəkiyə malik olduğunu söyləyib. Roje beynəlxalq seminarda qəbul edilən yeni qaydaların ilk dəfə olaraq gələn ay Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində tətbiq ediləcəyini bildirib. Xarici federasiyaların rəsmiləri, nümayəndələr Azərbaycan cüdosuna yeni zirvələrin fəthini arzulayıblar.