Polşanın paytaxtı Varşavadakı cüdo üzrə Avropa çempionatı Azərbaycan cüdoçuları üçün qalmaqalla yekunlaşıb. Sportnet.az-ın məlumatına görə, Ukrayna ilə bürünc medal uğrunda görüşdə komandamız hesabda irəlidə olduğu halda, texniki məğlubiyyətlə üzləşib.
Buna 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyevin tatamiyə çıxaraq, rəqibinə könüllü təslim olması səbəb olub. Halbuki, qaydalara əsasən, bu addımı atan komandaya texniki məğlubiyyət verilir. Beləliklə, Azərbaycan komandası bürünc medal şansını əldən verərək, 5-ci yerlə kifayətlənməli olub.
Qeyd edək ki, fərdi yarışda Hidayət Heydərov (73 kq) və Elxan Məmmədov (100 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Bu nəticə ilə ölkəmiz 41 ölkə arasında 4-cü, kişilərin mübarizəsində isə 2-ci yeri tutub.
Avropa çempionatı
1/8 final. Azərbaycan - Monteneqro - 5:0 (Nicat Şıxəlizadə, Hidayət Heydərov, Rüfət İsmayılov, Tural Safquliyev, Uşangi Kokauri)
1/4 final. Azərbaycan - Fransa - 2:3 (Nicat Şıxəlizadə hakimlərin mübahisəli qərarı ilə uduzub, Hidayət Heydərov ipponla qalib gəlib, Rüstəm Orucov ipponla uduzub, Məmmədəli Mehdiyev ipponla qalib gəlib, Elxan Məmmədov isə cərimə xalları ilə uduzub)
Təsəlliverici görüş. Azərbaycan - Hollandiya - 4:1 (Nicat Şıxəlizadə, Hidayət Heydərov, Rüfət İsmayılov, Məmmədəli Mehdiyev qalib gəlib, Uşangi Kokauri uduzub)
Bürünc medal görüşü: Azərbaycan - Ukrayna - 0:5 (texniki məğlubiyyət)