"İlk dəfə 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında çıxış etdim. Doqquz il sonra belə nəticə göstərəcəyimi heç gözləmirdim".
Sportnet.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov deyib. 92 kq çəki dərəcəsində çıxış edən Şərifov ilk Avropa çempionluğuna görə məşqçilərə təşəkkürünü bildirib.
"Məşqçilər bizi bu çempionata çox yaxşı hazırlaşdırdılar", - deyən titullu idmançı qeyd edib ki, bir müddət dincələcək: "Hələlik dincəlmək fikrim var. Ondan sonra harada və necə çıxış edəcəyimizi məşqçilərlə müzakirə edəcəyik".
Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə dünya çempionu, 2012-ci ildə isə London Yay Olimpiya Oyunlarının qalibi olub.