Azərbaycanın güləş yığmaları Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalına (EYOF) hazırlıq məqsədilə təlim-məşq toplanışındadırlar.
Sportnet.az-ın məlumatına görə, yeniyetmə qızlardan ibarət yığma iyulun ilk günlərindən Olimpiya Güləş Mərkəzində çalışır. Komanda həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində işləyir. Toplanış iyulun 17-dək davam edəcək. Daha sonra milli üzvləri Atletlər Kəndində məskunlaşaraq yarışın startını gözləyəcək.
Yeniyetmə sərbəst güləşçilər Xaçmazda, yunan-Roma güləşçiləri isə Göygöldə təlimdədirlər.
Qeyd edək ki, EYOF çərçivəsində güləşin hər növündə 6 çəki üzrə mübarizə baş tutacaq. Qızlar 46, 49, 51, 53, 57 və 65 kq-da, oğlanlar isə 45, 48, 51, 55, 60 və 65 kq-da çıxış edəcək. Güləş yarışları Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.