Azərbaycan sərbəst güləş üzrə milli komandası Dünya Kubokuna vəsiqə qazanıb.
Sportnet.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında 50 xalla 7-ci yeri tutaraq nail olub.
Güləşin bu növü üzrə Dünya Kuboku gələn ilin oktyabrında keçiriləcək. Lakin təşkilatçı ölkə hələ müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri mundialı iki gümüş medalla başa vurublar. Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finalda uduzub. Şərifov həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Daha öncə qadın güləşçilərin də Dünya Kubokunda iştirak edəcəyi dəqiqləşib. Yığma mundialda 48 xalla 8-ci yeri tutub. Bu isə noyabrda Yaponiyada keçiriləcək Dünya Kubokunda iştirak hüququ verib. Nur-Sultanda Mariya Stadnik (50 kq) qızıl medal və "Tokio 2020"yə lisenziya qazanıb, Elis Manolova (65 kq) isə bürünc medalla kifayətlənib.