"Artıq bu söz-söhbətlərdən yorulmuşam. Gələndən bəri hamı - qohumlar və dostlar bu haqda sual verir. Mən də bacardıqca bunlardan uzaq dururdum ki, başımdan stresi atım".
Sportnet.az-ın məlumatına görə, bunu sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev İctimai Televiziyaya müsahibəsində Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında rusiyalı Hacımurad Rəşidovla təsnifat mərhələsinin görüşü zamanı baş verənləri şərh edərkən deyib. 28 yaşlı idmançı görünməmiş haqsızlığa məruz qaldığını bildirib: "İdmanda qələbə də, məğlubiyyət də olur. Amma biz bu haqsızlığa tez-tez uğrayırıq. Haqsız qərarı 50/50 vəziyyətində də verə bilirlər. Mənim görüşümdə isə ilk dəfə idi belə hadisə baş verirdi. Buna hakimlər adına böyük səhv deyərdim. Dünya çempionatına bu cür zəif və təcrübəsiz hakimləri buraxmaq ilk növbədə, Dünya Güləş Birliyinin adına ləkədir. Çünki qıraqdan baxanlar üçün də idmanı maraqsızlaşdırırlar".
Əliyev görüşün son saniyələrində mübahisəli qərardan sonra hakimlərə kəskin etirazı əsəbi halda etdiyini deyib: "Düzdür, həmin vaxt xalçada artıq hərəkətlər etdim. Belə hərəkətləri özümə yaraşdırmırdım və istəməzdim ki, bu cür hadisə baş versin. Amma həmin vaxt özümdən o qədər çıxmışdım ki... Bu gün gənc güləşçilərimiz mənə, Cəbrayıl Həsənova və digər təcrübəli həmkarlarıma baxıb nümunə götürürlər. İstəməzdim ki, belə hərəkətlərimizdən nümunə götürsünlər. Sadəcə, həmin vaxt o qədər əsəbi oldum ki, belə bir hərəkət etdim. Sakit olduqda heç vaxt bunu etmərəm".
Təcrübəli pəhləvan "çelenc"ə baxıldığı vaxt hakimin onu arxayınlaşdırdığını açıqlayıb. O, görüşdən sonra döşəkdə tək qalmasını Azərbaycan güləşi adına yaraşdırmadığını vurğulayıb: "Orada mənə 2 xal verirlər və video-təkrara baxıldığı vaxt yerə əyilərək sakitcə gözləyirəm. Bu zaman referi rusca mənə "2 xal sənindir, rahat ol" deyir. Hakimin bu sözlərindən sonra dururam və döşəyin kənarında tullanıb-düşürəm və rahatlıq tapıram. Rəqibə 1 xalın verildiyini gördükdən sonra isə öz məşqçilərimizə üzümü tutaraq, "Siz də bir söz deyin" söyləyirəm. Amma "çelenc" qurğusunun ikinci dəfə basılmasına icazə yox idi. Belədə xalça üzərində tək qaldım. Həmin vaxt heç kim yanımda olmadı. Mənə elə gəlir ki, məşqçilərimizin hər ikisi (Arif Abdullayev və Zəlimxan Hüseynov - red.) xalça üzərinə çıxmalı idilər. Düzdür, bu da bir rol oynamayacaqdı, onlara da qırmızı vərəqə göstərəcəkdilər. Amma belə düşünürəm ki, mənim kimi idmançının xalça üzərində tək qalması bizim güləşimizə yaraşmır".
Qeyd edək ki, dünya çempionatında Hacımurad Rəşidovla 65 kq çəki dərəcəsindəki təsnifat görüşündə Hacı Əliyev son saniyələrdəki fəndləri ilə hesabı 4:3 öz xeyrinə dəyişib. Lakin Rusiya tərəfin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib və Rəşidova 1 xal verilib. Nəticədə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4. Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atıb. Hakimlər isə cavab olaraq qırmızı vərəqəni Əliyevə göstərərək onu yarışdan uzaqlaşdırıblar. Güləşçi daha sonra əks tribunadakı hakimlərin üzərinə getmək istəyib. Məşqçilər və yerli polisin müdaxiləsindən sonra Əliyevi güləş döşəyindən uzaqlaşdırmaq mümkün olub.