Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünya futbolunun ən bahalı oyunçularının yeni reytinqini açıqlayıb.
Sportnet.az xəbər verir ki, siyahıya 358 milyon avro dəyərlə İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal başçılıq edir. İkinci pillədə 227 milyon avro ilə Norveç millisinin və İngiltərənin “Mançester Siti” komandasının hücumçusu Erlinq Holand qərarlaşıb.
İlk "üçlüy"ü isə 166 milyon avro dəyərlə Fransa millisinin kapitanı və İspaniyanın “Real Madrid” klubunun üzvü Kilian Mbappe tamamlayıb. Hesabatda qeyd olunub ki, hazırda 200 milyon avrodan yüksək qiymətləndirilən ikinci futbolçu yoxdur.
CIES müxtəlif mövqelər üzrə ən bahalı oyunçuları da müəyyənləşdirib. Canluici Donnarumma qapıçılar, Pau Kubarsi mərkəz müdafiəçiləri, Niko O'Rayli cinah müdafiəçiləri, Pedri mərkəz yarımmüdafiəçiləri, Arda Gülər isə hücumameyilli yarımmüdafiəçilər arasında ilk sırada yer alıblar.
İllik müqayisədə dəyərini ən çox artıran futbolçu Yan Diomande olub. Onun bazar dəyəri 75 milyon avro yüksələrək 119 milyon avroya çatıb. Ən böyük geriləmə isə Aleksander İsakda qeydə alınıb. İsveçli hücumçunun dəyəri 54 milyon avro azalıb.
2025-ci ilin iyun ayı ilə müqayisədə də ən böyük artım Yan Diomandeyə məxsusdur. Onun dəyəri 116 milyon avro yüksəlib. Ən böyük eniş isə 113 milyon avro itirən Cud Bellinqemdə müşahidə olunub.
Qeyd edək ki, reytinqdə Özbəkistan millisinin və İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Abduqodir Husanov da yer alıb. Onun dəyəri 65,1 milyon avro olaraq qiymətləndirilib.



















































































