“Ölkə çempionatında yığmanın bütün üzvəri iştirak etməli idi. Lakin əksəriyyəti zədə üzündən yarışa qatıla bilmədi. Mən isə özümü yoxlamaq istəyirdim”.
Sportnet.az xəbər verir ki, bunu “Report”a Azərbaycan çempionatının qalibi olan cüdoçu Məmmədəli Mehdiyev deyib. 90 kq çəkidə çıxış edən 26 yaşlı idmançı yarışa öz istəyi ilə qatıldığını bildirib: “Dünya çempionatından sonra zədələrə görə bir qədər ara verməli oldum, formamı hələ tam bərpa etməmişəm. İstədim ki, yarış ab-havası görüm. Müəllimlərdən məni bu yarışa çıxarmalarını xahiş etmişdim”.
- Demək olarmı ki, Azərbaycan çempionatı sizin üçün asan keçdi?
- Xeyr, elə deməzdim. Ümumilikdə 5 görüş keçirərək qalib oldum. Rəqiblərimi heç də asanlıqla məğlub etmədim. Mənimlə məşq etdikləri üçün bir-birimizin üstün cəhətlərini bilirik. Bir az təcrübə məsələsində üstün olduğum üçün qalib gələ bildim.
- Rüfət İsmayılovla final görüşünüz yarım dəqiqə çəkdi...
- Açığı, özüm də belə olacağını gözləmirdim. Rəqib irəli gəldi və əsas fəndimdən istifadə etdim. Görüşün belə tez qurtaracağını gözləmirdim. Ola bilsin, ikimiz də tələsirdik (gülür).
- II Avropa Oyunlarında bürünc medal qazansanız da, dünya çempionatında medalsız qaldınız. Səbəb nədir?
- Dünya çempionatında çox pis çıxış etdim. Bu, özümü də qane etmədi. Mənə ən pis təsir edən təsəlliverici görüşdə fransalı Aksel Klerjeyə uduzmağım oldu. Son görüşlərimizdə onu məğlub etmişdim. Adətən, fransalı rəqibimi yorub udurdum. Lakin bu dəfə bronxlarıma soyuq dəydiyi üçün nəfəs almaqda problemim oldu. Rəqibim iki xəbərdarlıq almışdı, üçüncünü də görməsi elə də çətin iş deyildi. Ancaq nəfəs ala bilmirdim deyə, uduzdum.
- Ümumilikdə 2019-cu ildə çıxışınızı necə dəyərləndirirsiniz?
- Açığı, iyulda 7-ci olduğum Zaqreb Qran-prisinə qədər nəticəmdən razı idim. Dünya reytinqində 3-cü yerdə gedirdim. Çıxış etdiyim yarışlardan medalsız dönmürdüm. Zaqrebə təlim-məşq toplanışından getdik. Bir az yüklənmə olduğu üçün istədiyim kimi çıxış edə bilmədim. Hazırda dünya reytinqində 6-cı, olimpiya reytinqində isə 10-cu yerdəyəm.
- Növbəti yarışlarda sizə istirahət verilməsi mümkündür?
- Xeyr, müəllimlər istəyirlər ki, mənə daha çox məşq versinlər. Lakin özüm yarış istəyirəm. Açığı, Aksel Klerje ilə güləşib, əvəzin çıxmaq istəyirəm. Həm də beynəlxalq yarışların medalı üçün darıxmışam.
- Bəzi yarışlarda zəif çıxışına arxayınlıq səbəb olmadı?
- Elə deməzdim. Medal gəldikcə məsuliyyətim daha da artır. Bu da bir növ mənə mane olur. Medal qazandan sonra içimdə belə bir hiss olur ki, iştirak etdiyim yarışda mütləq uğur qazanım. Belə olan halda həyəcan yaranır. Zaqrebdən sonra elə də kədərlənməmişdim. Fikirləşdim ki, yükləmə var, ona görə belə oldu. Dünya çempionatına 1 həftə qalmış Yaponiyaya təlim-məşq toplanışına getmişdik. Orada bronxlarıma soyuq dəydi. Bu da formama təsir etdi.
- Olimpiadada medal qazanmaq hədəfi sizin üçün əlçatandır?
- Hər bir idmançı Yay Olimpiya Oyunlarına medal qazanmaq üçün gedir. Oranın köklənməsi bir az başqa cür olur. Olimpiadadan medalsız dönmək fikrim yoxdur.
- Cüdo növündə dünya çempionatının medalını qazanmağın daha çətin olduğu deyilir...
- Bəli, çünki dünya çempionatına bir ölkədən 2 cüdoçu qatıla bilər. Amma olimpiadada 1 nəfər olmalıdır.
- Sizcə, Azərbaycanda ilin idmançısı kimdir? Məsələn, İdman Araşdırmalar Mərkəzinin sorğusunda Teymur Rəcəbov qalib oldu...
- Şahmat başqa aləmdir. Məncə, qalib olimpiya idman növü üzrə seçilməlidir. Sərbəst güləşçi Hacı Əliyevə və cüdoçularımız Rüstəm Orucovla Hidayət Heydərova səs verərdim. Güləşçimiz Mariya Stadniki də qeyd edərdim. Legioner olmasının məsələyə aidiyyatı yoxdur. Hamımız eyni bayraq altında çıxış edirik. Bizdən çox məşq edir, üçqat dünya çempionudur. Bizim hələ nəticəmiz yoxdur.
- Şahmatla aranız necədir?
- Çox pis. Çətin idman növüdür, bizim isə fikirləşməyə vaxtımız yoxdur (gülür).