Peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Evander Holifild yenidən rinqə qayıdır.
Sportnet.az xəbər verir ki, bu barədə amerikalı boksçu şəxsi "Twitter" səhifəsində paylaşım edib.
57 yaşlı idmançı xeyriyyə döyüşlərində iştirak edəcəyini açıqlayıb. Ancaq o, bununla bağlı əlavə məlumat verməyib.
Aprelin 25-də digər tanınmış boksçu Mayk Tayson karyerasını bərpa edəcəyini bildirib. 53 yaşlı boksçu xeyriyyər turnirlərində qüvvəsini sınamaq arzusunda olduğunu söyləyib. Ardınca isə o, sosial şəbəkələrdə məşq videosunu paylaşıb.
Daha sonra avstraliyalı promouter Brayan Amatruda Taysonun nümayandəsi ilə əlaqə saxladığını və ona boks görüşü üçün 1 milyon ABŞ dolları təklif etdiyini bildirib.
Qeyd edək ki, Mayk Tayson 1997-ci ildə keçirdiyi revanş döyüşündə Evander Holifildin qulağını dişləyib. Nəticədə döyüş yarımçıq dayandırılıb, Tayson isə diskvalifikasiya olunmaqla yanaşı, 3 milyon ABŞ dolları məbləğində cərimələnib.
Holifild peşəkar rinqdə sonuncu döyüşünü 2011-ci ildə keçirib. Onun hesablnda 44 qələbə və 10 məğlubiyyət var. Boksçunun iştirakı ilə baş tutmuş 2 qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.