
Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) V mövsümü ilə əlaqədar mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, konfransda Azərbaycanın "Baku Fires" klubu və İtaliyanın "İtalia Thunder" komandasının baş məşqçi, baş menecer və idmançıları iştirak edib.
Qonaq komandanın baş meneceri Kladio Ballor çıxışında yarışçılara uğurlar arzulayıb. O, sabah keçiriləcək döyüşdə idmnçılarının uğur qazanacağına ümid etdiyini bildirib: "Baku Fires"in yaxşı döyüşçüləri var. Burada motivasiya böyük rol oynayır. Ümid edirəm ki, sabah keçiriləcək görüş bizim xeyrimizə nəticələnəcək".
"Baku Fires"ın baş meneceri Rizvan Gənciyev hər iki komandaya uğurlar arzu edib. R.Gənciyev mövsümün çətin və məsuliyyəti olacağını diqqətə çatdırıb. O, komandanın heyətində dəyişikliklərin olduğunu söyləyib: "Bəzi boksçular göndərilib, yeni məşqçi, həkim dəvət olunub. İndi komandada olan boksçuların əksəriyyəti yığma komandanın bir nömrəsidir. Bakıda I Avropa Oyunları keçiriləcək və biz orada çıxış etmək istəyirik. Hazırkı yarışda komandadan 10 lisenziya gözləyirəm. Kimlərə ümid bəslədiyimi desəm, onların qəlbinə dəyə bilər. Əvvəlcədən demək istəmirəm. Ola bilər ki, mən lisenziya gözlədiyim boksçumuz uğur qazanar. Ancaq ümid bəslədiyimiz idmançı Braziliyada keçiriləcək olimpiyaya lisenziya qazana bilməz. Hər birinə uğurlar arzu edirəm".
"Baku Fires"in qrupdakı rəqiblərini dəyərləndirən baş menecer okeanın digər tayına uzaq səfərlərin olacağını qeyd edib. O, bunun komandanın çıxışında problem yaratmayacağını söyləyib: "Rəqiblərimiz çox güclüdür, amma biz hər bir rəqibə qarşı hazılaşacağıq. Biz özümüz üçün artıq bölmüşük. Fevral ayında bizim Mayamidə görüşümüz var. Bir neçə gün sonra yeni səfər olacaq, amma Bakıya qayıtmayacağıq. birbaşa həmin səfərə yola düşəcəyik. İnanıram ki, başqa qitədə döyüşmək bizim üçün heç bir maneə törətməyəcək".
Baş menecerlərin çıxışından sonra çəki mərasimi keçirilib. Döyüşçülər öz çəkilərini təsdiqlətmək üçün tərəziyə çıxıb.
Qeyd edək ki, ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda "İtalia Thunder”lə yanaşı, "Astana Arlans”, "Argentina Condors”, "Caciques Venezuela”, "Puerto Rico Hurricanes”, "Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq. A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.