Azərbaycanın iki qadın güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 50 kq-da yer alan Türkan Nəsirova polşalı Anna Lukasyakla üz-üzə gəlib. Rəqibinə 4:6 hesabı ilə uduzan idmançı medalsız qalıb.
59 kq-da çəki dərəcəsində çıxış edən Alyona Kolesnik isə 3-cü yer uğrunda qarşılaşmada almaniyalı Elene Hayke Brugger ilə bacarmayıb - 0:9.
Aprelin 1-də Azərbaycanın digər qadın güləşçisi Elis Manolova (65 kq) finalda ukraynalı Tatyana Rıjko ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Yarış aprelin 3-də başa çatacaq.