
Azərbaycanın daha 4 karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, yarışın 2-ci günündə kişilərdən 60 kq-da Əminağa Quliyev və 67 kq-da Tural Ağalarzadə, qadınlardan isə 50 kq-da İnci Əzizova və 55 kq-da Mədinə Sadiqova tatamiyə çıxıblar.
Onlardan yalnız sonuncu medal qazanmaq şansını saxlayıb. Sadiqova mayın 28-də bürünc medal görüşünə çıxacaq.
Fəridə Əliyeva, Ayla Rzazadə, Mədinə Sadıqova və İrina Zaretskadan ibarət qadın kumite komandası da ilk görüşünü keçirib. Serbiyaya 2:1 hesabı ilə qalib gələn kollektiv növbəti mərhələdə Xorvatiya ilə üz-üzə gələcək.
Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət kişi kumite komandası isə Kosovo ilə üz-üzə gələcək.
İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kumite komandası isə 3-cü yer uğrunda qarşılaşmada Xorvatiyanı sınağa çəkəcək.
Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan 7 karateçi yarışı medalsız bitirib.