Aprelin 16-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürəcək.
Sportnet.az-ın məlumatına görə, yarış "Bakı 2015" I Avropa Oyunları çərçivəsində keçiriləcək güləş yarışlarına test xarakteri daşıyır.
Dörd gün davam edəcək turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri mübarizə aparacaq. Turnirin proqramına əsasən, 16-17 apreldə yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər, 18-19 apreldə sərbəst güləş üzrə yeniyetmə və gənclər yarışacaq.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.