Azərbaycan futbolu irəliləmək əvəzinə, hər ötən gün daha dərin bataqlığa sürüklənir. Bu bataqlığın ən böyük səbəbkarlarından biri isə AFFA-nın səriştəsiz fəaliyyəti və vizyonsuz idarəçiliyidir. Futbolun inkişafına xidmət etməli olan bir qurum öz fəaliyyətində ardıcıl olaraq problemlər yaratmaqla məşğuldur. Bu gün AFFA-nın fəaliyyəti, konkret olaraq “Turan Tovuz” klubunun rəhbəri Ehtiram Quliyevin təşəbbüslərinə olan biganə münasibəti ilə bağlı ciddi suallar doğurur.
Ehtiram Quliyevin cəhdləri
“Turan Tovuz” klubunun rəhbəri Ehtiram Quliyev Azərbaycan futboluna öz maliyyə resursları ilə ciddi töhfə verməyə çalışır. Onun dünya səviyyəli məşqçi Kurban Berdiyevi ölkəyə gətirməsi Premyer Liqanın rəqabət səviyyəsini yüksəldib. Komandanın bu mövsüm qış fasiləsinə 3-cü yerdə daxil olması, onun rəhbərliyinin düzgün strategiyasının nəticəsidir. Lakin AFFA-nın bu uğurları dəstəkləmək əvəzinə, Ehtiram Quliyevin təbii qazonla bağlı haqlı tələbinə susqun qalması həm iş adamlarına, həm də futbol ictimaiyyətinə açıq bir mesajdır: “Bizə qoşulmayın”.
Ehtiram bəy stadionun təbii qazonla təmin edilməsi üçün xərclərin yarısını öz cibindən ödəməyə hazır olduğunu bəyan edir. Bu, indiki məqamda Azərbaycan futbolunda nadir bir fədakarlıq nümunəsidir. Lakin AFFA susur, PFL isə heç bir mövqe bildirmir.
AFFA-nın maliyyə bəhanəsi
AFFA təbii qazon təşəbbüsünü dəstəkləməmək üçün maliyyəni bəhanə gətirir. Lakin bu, heç bir ciddi arqumentə əsaslanmır. Necə olur ki, AFFA milyonlarla vəsaiti yüksək ödənişli Fernando Santuşun təyinatına sərf edir, amma Tovuz stadionu üçün tələb olunan məbləğin 50 faizini qarşılamağa gücü çatmır?
Bu qərar AFFA-nın futbola maliyyə dəstəyini necə yönəltdiyi ilə bağlı ciddi şübhələr yaradır. Burada ya səriştəsizlik, ya vizyonsuzluq, ya da Azərbaycan futbolunun real inkişafını istəməyən maraqların mövcudluğu açıq-aşkardır.
Klublar Komitəsi və PFL niyə susur?
AFFA-nın bu passiv mövqeyinə qarşı Klublar Komitəsi və PFL-in də susqun qalması anlaşılmazdır. Klublar Komitəsi adətən Azərbaycan futbol klublarının maraqlarını qorumaq üçün yaradılmış bir orqan kimi təqdim olunur. Lakin Ehtiram Quliyev kimi bir iş adamının bu cür haqlı tələbinə dəstək verməmələri onların formal bir qurum olduğunu göstərir.
PFL isə çempionatın təşkilatçısı kimi bu məsələdə fəal mövqe göstərməlidir. Onlar çempionatın maraqlılığını artıracaq hər bir təşəbbüsü dəstəkləməli olduğu halda, tam susqunluq nümayiş etdirirlər.
Futbola strateji baxışın əhəmiyyəti
AFFA rəhbərliyi futbolu yalnız “büdcə xərcləmək” kimi görür. Ehtiram Quliyevin təşəbbüslərinə qarşı laqeyd münasibət AFFA-nın futbola siyasi və strateji baxışının olmadığını göstərir. Əgər AFFA bu təşəbbüslərə dəstək göstərsə, bu, təkcə “Turan Tovuz” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün bir dönüş nöqtəsi ola bilər.
AFFA-nın bu cür passivliyi həm iş adamlarını, həm də azarkeşləri futboldan uzaqlaşdırır. Əgər Ehtiram Quliyev “Turan Tovuz” klubuna maliyyə dəstəyini dayandırarsa, Premyer Liqada eyni maraq və rəqabət qalacaqmı? Əminliklə demək olar ki, bu, çempionatın maraqlılıq səviyyəsinə ciddi zərbə vuracaq. Bu gün Tovuzda futbola olan maraq PFL-in açıqladığı statistikada da öz əksini tapır. Tovuz stadionu dolur, insanlar futbolu sevir və dəstəkləyir. Amma AFFA rəhbərliyinin bu marağı sönməyə məcbur etməsi təkcə bölgə futbolunun deyil, ölkə futbolunun da fəlakətinə səbəb ola bilər.
AFFA bu imkanı qaçırmamalıdır
AFFA dərhal fəaliyyətini yenidən nəzərdən keçirməli, iş adamlarının və azarkeşlərin dəstəyini itirmədən əvvəl onların çağırışlarını qəbul etməlidir. Tovuz stadionunun təbii qazonla təmin edilməsi Azərbaycan futbolunun sağlam inkişafı üçün vacib bir addımdır. Bu, həm futbolçuların sağlamlığına, həm də oyun keyfiyyətinə müsbət təsir edəcək.
AFFA rəhbərliyi öz fəaliyyətini dəyişməzsə, Azərbaycan futbolu üçün sonrakı illər daha böyük məyusluqlarla dolu olacaq. Yeni rəhbərlik üçün vaxt daralır – ya inkişafın bir hissəsi olacaqlar, ya da onun qarşısında duran ən böyük maneə kimi tarixə düşəcəklər.
Futbolxeber.az