"Kəpəz" Misli Premyer Liqasının XXI turunda Tovuz şəhər stadionunda "Sabah"ı 3:2 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün komandam sonadək mübarizə aparır, daha yaxşı oyun sərgiləyə bilir. Oyunun içində müəyyən problemlər var. İlk dəqiqələrdə həmişə boşluqlarımız olur. Bunu çatışmazlıq hesab edirəm. Meydanda yaxşı müabrizə getdi. Müdaifəyə çəkilmədik, qollarımızı vurub qələbə qazandıq.
- Oyunu tribunadan izləmək necə idi?
- Çox çətindir. Aşağıda olanda bəlkə də emosiyaları çərçivəyə salmaq olur. Tribunadan izləyəndə isə bir qədər çətindir.
- "Kəpəz" indiyə kimi "Sabah" üzərində qələbə qazanmamışdı. Bu məlumatı bilirdiniz?
- Oyundan qabaq bilirdik. Bu qələbə "Kəpəz" azarkeşləri üçün bir hədiyyədir.
- "Turan Tovuz" üzərindəki qələbədən sonra "Səbail"ə məğlub oldunuz. "Sabah"ı məğlub etdikdən sonra yenə komandada eyforiya yaranacağından qorxmursunuz?
- "Səbail"lə matçda pis oynamadıq. Meydanda futbol adına hər şey var idi. Sadəcə, qolları vura bilmədik. Epizodları dəyərləndirəndə komandada özünəinam artır. "Səbail"ə məğlub olmaq dünyanın sonu deyil. Qarşıda 15 oyun var. Yuxarı pillələrdə qərarlaşa bilərik. Eyforiyaya gəldikdə, komanda ilə danışdıq. Dedik ki, sabah saat 11-də məşqimiz var. İşimizə davam edirik.
- Qarşıda "Neftçi" ilə kubok matçı var. Sizin üçün iki turnirdə mübarizə aparmaq çətin deyil?
- Elə də böyük çətinlik çəkmirik. Sadəcə, futbolçuların fiziki performansını daim saxlamaq lazımdır. Bu il qrafik ötən ildən daha yaxşıdır. Beş gündən bir oynamaq heç də pis deyil. "Neftçi" ilə oyuna da hazırıq.