"Şamaxı" Misli Premyer Liqasının XXI turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna yaxşı başladıq. 100 faizli qol epizodlarından istifadə edə bilmədik. İlk hissənin sonunda qapımıza penalti təyin edildi. Təəssüf ki, bununla da matçın taleyi həll olundu. Sonradan dəyişikliklər etsək də, əfsuslar olsun ki, alınmadı. Bu matçı unudub, qarşıdakı oyunlara hazırlaşacağıq. Komandama inanıram. Bu durumdan, inşallah, birlikdə çıxacağıq.
- Turnir cədvəlində sizdən geridə olan komandalarla xal fərqi qapanır. Bu, komandanız üzərində nə dərəcədə gərginlik yaradır?
- Bilirdik ki, böyük xal fərqimiz yoxdur. Qarşıda oyunlar var. Həmişə demişəm ki, çempionatın sonuna qədər mübarizə gedəcək. Hələ heç nə bitməyib. Çalışırıq ki, futbolçularımızı gərginlikdən çıxaraq və növbəti oyunlara kökləyək.
- Cəlal Hüseynovun performansını necə qiymətləndirirsiniz? Onunla bağlı hansı addımları atacaqsınız?
- Hansısa futbolçu barədə fərdi danışmaq düzgün olmaz. Cəlal komandamıza yeni qoşulub. Texniki səhvləri çox edir. Gəncdir, üzərində çox çalışmalıdır. Səbirli olmaq lazımdır.