
Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan”- “Qarabağ” oyununda qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, “Liv Bona Dea Arena”da baş tutan oyunun 83-cü dəqiqəsində "Araz-Naxçıvan"lı Felipe Santosdan topu alan rəqib yarımmüdafiəçi Yassin Benzia onun yerə yıxıldığını görərək, təxribata çəkməyə başlayıb.
Bu zaman Santosun komanda yoldaşı Karlos Jatoba hadisə yerinə gələrək, "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin üzünə yumruq vurub.
Bunu görən Marko Yankoviç və Musa Qurbanlı Cəfərquliyevi müdafiə etmək üçün Santosun üzərinə hücum çəkərkən insident böyüyüb.
Baş hakim Kamal Umudlu kobud davranışına görə Santosa qırmızı vərəqə göstərərək meydandan qovub. Lakin Qurbanlının əsəbləri bununla da soyumayıb və "sambaçı" meydanı tərk edənədək onun üzərinə yenidən şığımaq istəyib. Azərbaycanlı forvardın qarşısını komanda yoldaşları çətinliklə ala biliblər.
Umudlu meydan sahiblərindən Bəxtiyar Həsənalızadə və Karlos Jatobaya, eləcə də qonaqlardan Yassin Benzia, Marko Yankoviç və Musa Qurbanlıya qeyri-idman hərəkətləri səbəbindən sarı vərəqə göstərib.
Qeyd edək ki, oyun “Qarabağ”ın qələbəsi ilə başa çatıb - 3:1.