
"Səbail" klubunun və Azərbaycan millisinin futbolçusu Mert Çelik səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra Sportnet.az-ın Tovuza ezam olunmuş əməkdaşına müsahibə verib.
24 yaşlı Türkiyə əsilli mərkəz müdafiəçisi oyun, kluba yeni baş məşqçi təyinatı və millinin aparıcı üzvlərinin məğlubiyyətlərə görə üzrxahlıq etməmələrinin səbəbi barədə danışıb:
- "Kəpəz"lə qarşılaşmanı necə dəyərləndirirsiniz?
- Matça yaxşı başlamışdıq. Rəqibi analiz etmişdik. Demək olar ki, oyunu biz idarə edirdik. Bir neçə epizod versək də, ümumilikdə yaxşı oynadığımızı düşünürəm. Qapımıza bəsit bir qol buraxdıq. Amma qoldan sonra oyuna öz xarakterimizi qoyduq və bərabərlik qolunu vuraraq, meydandan məğlubiyyətsiz ayrıldıq.
- Komandamıza yeni baş məşqçi gəlib. Elvin Məmmədovla belə başlanğıc sizin üçün müsbət nəticədir?
- Onun taktikasına uyğunlaşmağa çalışırıq. Düzdür, qalib gəlmədik, amma məğlub da olmadıq. Hərçənd, bura qalibiyyət üçün gəlmişdik. İnanıram ki, qarşıdakı oyunlarda qələbələr qazanacağıq.
- Azərbaycan millisinin yoldaşlıq görüşlərində Haiti və Belarusa məğlubiyyətlərinə görə üzr istəmişdin. Amma aparıcı komanda yoldaşların belə bir addım atmamışdılar...
- Yox, onlar bu məğlubiyyəti çölə vurmasalar da, hamısı çox pis idi. Öz aramızda danışanda da məğlubiyyətlə barışa bilmədiyimizi etiraf edirdik. Matçdan sonra əksəriyyəti üzgün olur və danışmaq istəmir. Ancaq əmin olun ki, hamısı çox pis olmuşdu. Sadəcə, bunu mətbuata dilə gətirib demirdilər. Onlar da danışsaydılar, üzr istəyərdilər.
- Növbəti oyununuz evdə “Turan Tovuz”a qarşı olacaq. Bu görüş barədə nə düşünürsünüz?
- Meydana qələbə üçün çıxacağıq. Taktikamıza sadiq qalıb, oyun planımızı genişləndirərək, qarşımızdakı oyunlarda yaxşı nəticə əldə edib, sonuncu sıradan qurtulmaq istəyirik. Son 8 turumuz qalıb bu oyunların hamısı bizim üçün finala bərabər olacaq. Önümüzdəki “Turan Tovuz”la matç da final kimidir. Həmin finalı qazanıb bizə yaraşmayan bu yerdən yüksək pillələrə çıxmaq istəyirik.
- Görüşün sonlarında zədə aldınız. Oyunu davam etdirmək istəsəniz də, çox keçmədən əvəzləndiniz. Hazırda özünüzü necə hiss edirsiniz?
- Elə də ciddi bir şey yoxdur. Baş məşqçimiz şans versə, növbəti oyunda da meydana çıxa biləcəyəm.
Haşım MƏMMƏDOV