
"Təəssüf ki, ikinci qolu vura bilməməyimiz rəqibin son dəqiqələrdə hücuma atılmasına gətirib çıxardı. Nəticədə 90+2-ci dəqiqədə penaltidən qol buraxdıq. Penalti epizodunda isə top əvvəlcə rəqibin, sonra bizim oyunçunun əlinə dəymişdi".
Sportnet.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsində Monteneqro yığması ilə 1:1 hesablı heç-heçə etdikləri səfər oyunundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
38 yaşlı mütəxəssis çətin keçən matçda təyin olunan penaltidın narazı qaldığını deyib: "Monteneqro yığması bu “pəncərə”də bir oyun keçirirdi ki, o da öz meydanlarında bizə qarşı idi. Biz isə qısa müddətdə ardıcıl iki səfər matçına çıxmalı olduq. İstər-istəməz yorğunluq yaranmışdı. Komandanı oyuna tam bərpa etmək üçün maksimum çalışdıq. Monteneqro həm də qrup birinciliyi uğrunda əsas rəqibimizdir. Açığı, birinci hissədə futbolçularımın bəzi səhvləri oldu. Xüsusən, hücum xəttində problemlər yaşadıq, irəlidə top saxlaya bilmədik. Qapıçımızın və müdafiəçilərimizin etibarlı çıxışı sayəsində fasiləyə heç-heçə ilə yollandıq. İkinci hissəni isə hücumda daha yaxşı keçirdik, üstünlüyə yiyələndik. Qol vurduq və başqa şanslarımız da oldu".
Baş məşqçi millinin C Liqasının IV qrupunda mayın 30-da Litva seçməsinə qarşı keçirəcəyi görüşü çox önəmli sayıb: “Monteneqro ilə oyunda qələbəni əldən verdiyimiz üçün məyusuq. Buna baxmayaraq, birinci yer uğrunda mübarizəni davam etdiririk. Son oyunda Litvanı doğma arenamızda qəbul edəcəyik. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Qələbə qazanmaqla yanaşı, top fərqini də mümkün qədər yaxşılaşdırmalıyıq. Bu səbəbdən Litva üzərində böyükhesablı qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, hazırda Azərbaycan və Monteneqro milliləri hərəyə 5 xalla qrupda 1-2-ci yerləri bölüşürlər. Litva yığmasının isə hesabında xal yoxdur.