
“Mən bunu derbi saymıram. Harası derbidir ki, “Neftçi” 6-cı yerdədir. Fərqli heç nə də gözləmirəm. Mənə elə gəlir, ədalətli nəticə heç-heçə olar”.
Sportnet.az xəbər verir ki bu sözləri Teleqraf-a açıqlamasında veteran futbolçu Vidadi Rzayev keçmiş komandası "Neftçi"nin səfərdə "Qarabağ"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXI tur matçı barədə danışarkən deyib.
58 yaşlı mütəxəssis sabahkı qarşılaşmada cari mövsümdəki görüşlərdən fərqli hesab gözləmədiyini bildirib. Onun fikrincə, “köhlən atlar” “ağ-qaralar”la qarşılaşmadan sonra çempionluğunu rəsmiləşdirəcək:
“Düşünürəm, “Qarabağ” çempionluğunu bu oyundan sonra təmin edəcək. “Neftçi” bunu derbi adlandırırsa, daha sözüm yoxdur.
Baxsınlar, turnir cədvəlində özlərinə yaraşmayan yerdədirlər. Adi çempionat oyunlarından biridir. İntriqalı çempionat olardı, “Qarabağ”la 1-2-ci yerlər arasında 1-2 xal fərqi olardı, onu derbi adlandırmaq olardı. Derbi “Qalatasaray” - “Fənərbağça”, “Real Madrid” – “Barselona” oyunlarıdır. Müqayisəsi də düzgün deyil. “Zirə” ilə “Qarabağ”ın xal fərqi az olsa, keçmək ehtimalı olsa onu derbi adlandırmaq olar.
Yoxsa ağdamlılara heç kim çata bilmir. Media sağ olsun ki, bunu belə təqdim edib, ajiotaj yaradır, olmayan şeyi derbiyə çevirir. Bərabərlik olsa, yenə də qənaətbəxş saymaq olar. “Neftçi” könlümüzün komandasıdır, ən azından məğlub olmasını istəməzdim”.
Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 20:00-da start götürəcək. Cari mövsüm bu komandaların qarşılaşmalarından 4:0, 4:1 və 1:0 hesabları ilə Qurban Qurbanovun kollektivi qalib ayrılıb.