
“ilk yarıda öz səhvlərimiz üzündən qollar buraxdıq. İkinci hissədə toparlanmağa çalışdıq. Sadəcə, fürsətlərdən yararlana bilmədik”.
Bu sözləri “Neftçi”nin futbolçusu Elvin Camalov Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyundan sonra sportnet.az-a açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi məğlubiyyətin səbəbini fürsətlərdən yararlana bilməmələrində görüb: “Qarabağ”a qarşı bütün oyunlar çətin olur, bu oyun da istisna deyildi.
Meydana qələbə əzmi ilə çıxmışdıq, alınmadı. Oyunun əvvəlində çətinliklər yarandı. İkinci hissədə toparlanmağa çalışdıq. Sadəcə, fürsətlərdən istifadə edə bilmədik. Əks halda, fərqli hesab görə bilərdik”.
Camalov Azərbaycan Kubokunun "Sabah" komandasına qarşı 1/2 final mərhələsinin cavab oyununa (ilk görüş - 1:2) köklənəcəklərini qeyd edib:
“Hər oyuna ciddi hazırlaşırıq. Sadəcə, avrokuboklara əsas şansımız kubokladır. Buna görə cavab görüşü bizim üçün çox vacibdir. “Qarabağ”la matç hər zaman azarkeşlər xüsusi gözlədiyi oyundur. Biz də çalışdıq ki, meydançada mübarizə aparaq, azarkeşlərimizi sevindirək. Amma buna nail ola bilmədik.
Ümid edirəm ki, “Sabah”a qarşı kubokun cavab görüşündə bizi dəstəkləyən hər kəsi sevindirəcəyik. Əsas psixoloji hazırlıqdır. Yanaşmamız ciddi olduqdan sonra hazırlaşmaq o qədər də çətin olmayacaq. Bərpa prosesini daha rahat keçəcəyik”.
Qeyd edək ki, aprelin 23-də "Bank Respublika Arena"da keçiriləcək “Sabah" - "Neftçi" matçı saat 20:00-da start götürəcək.