
Minifutbol üzrə Azərbaycan yığma komandası Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının qalibi olub.
Sportnet.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstanı məğlub edib - 4:2.
Görüşün əvvəlindən təşəbbüsü ələ alan meydan sahibləri ilk 10 dəqiqə ərzində 3 qol vurub. Təmkin Xəlilzadə 2-ci, Məhəmməd Xəlilov 8-ci, Rəvan Kərimov 10-cu dəqiqədə fərqlənib.
11-ci dəqiqədə Sombor Kövesdi fərqi azaldıb.
İkinci hissəyə də Azərbaycan millisi fəal başlayıb. 29-cu dəqiqədə Kərimov özünün ikinci, komandasının dördüncü qolunu vurub.
50-ci dəqiqədə Bense Lovaş fərqi azaldıb. Lakin bu, yekun nəticədə qələbəyə mane olmayıb.
Bununla da Azərbaycan millisi 2022-ci ildə əldə etdiyi Avropa çempionluğundan sonra dünya çempionu tituluna da sahib çıxıb. Macarıstan ikinci yeri tutub.
3-cü yeri isə Serbiya əldə edib.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Monteneqro seçməsini 2:1 hesabı ilə məğlub edib, Macarıstan isə Serbiyanı əsas hissəsi qolsuz heç-heçə ilə bitən matçın penaltilər seriyasında üstələyib - 3:1.
Daha əvvəl dünya çempionu adını ABŞ (2015), Çexiya (2017), Meksika (2019) və Rumıniya (2023) qazanıb.
1 iyun
Dünya çempionatı
FİNAL
20:00. Azərbaycan - Macarıstan - 4:2
Qollar: Təmkin Xəlilzadə, 2. Məhəmməd Xəlilov, 8. Rəvan Kərimov, 10; 29 - Sombor Kövesdi, 11. Bense Lovaş, 50
3-cü yer uğrunda görüş
18:00. Monteneqro - Serbiya - 0:3