Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mayın 29-da Sportnet.az-a verdiyi müsahibədə komanda daxilindəki mühitlə bağlı kifayət qədər iddialı fikirlər səsləndirmişdi.
- Bəs millinin düşərgəsində Cəfərquliyevlə bağlı bənzər olaylar olubmu?
- Heç vaxt! Təkcə Elvinlə bağlı yox. Milli komanda hər bir futbolçunun arzuladığı yerdir və orada heç bir futbolçuya elə bir imkan verilməz. Bizim vaxtımızda bu cür hal baş verməyib.
Bu sözlərin üzərindən heç bir həftə keçməmiş Malta ilə yoldaşlıq görüşünün 86-cı dəqiqəsində Anton Krivotsyukla Abdulax Xaybulayev arasında yaşanan qarşıdurma həmin bəyanatların nə qədər real mənzərəni əks etdirdiyi barədə suallar yaratdı.
Rəqib komandanın vurduğu ikinci qol təkcə Azərbaycan millisinin geridönüş, ən azı bərabərlik ümidlərinin üstündən xətt çəkmədi, həm də kollektivdaxili ab-havanı çılpaqlıqla üzə çıxardı.
Rəqib komanda qol vurdu, millimizin iki futbolçusu bir-birinin üzərinə yeridi, mübahisə böyüdü, komanda yoldaşları onları aralamağa məcbur oldu. Ən maraqlısı isə budur ki, baş məşqçi sonradan hadisəni qələbə əzmi ilə əlaqələndirməyə çalışdı.
Əlbəttə, futbol emosiyalar oyunudur. Ancaq milli komandanın daxilində hər şey qaydasındadırsa, kollektiv mükəmməl vəziyyətdədirsə və məşqçinin dediyi kimi "bizim vaxtımızda belə hallar baş verməyibsə", onda Malta ilə oyunda gördüyümüz nə idi?
Bu sual təkcə Ayxan Abbasova aid deyil.
Son günlər AFFA rəsmi resurslarında və digər təbliğat vasitələrində milli komandanın düşərgəsi ilə bağlı fotolar və açıqlamalarla xoş ab-hava görüntüləri yaratmağa çalışırdı. Baş katib Cahangir Fərəcullayevin məşqləri izləməsi, icraçı vitse-prezident Sərxan Hacıyevin komandanın yanında olması, federasiya rəhbərliyinin toplanışla yaxından maraqlanması xüsusi vurğulanırdı. Oxucuya və azarkeşə belə bir təsəvvür formalaşdırılırdı ki, milli komandada hər şey nəzarət altındadır, kollektivdə yüksək əhval-ruhiyyə hökm sürür, rəhbərlik prosesə maksimum diqqət ayırır.
Bəs nəticə nə oldu?
Malta kimi FIFA reytinqində 126-cı pillədəki Azərbaycanın xeyli gerisində - 161-ci yerdə olan rəqiblə oyunun son dəqiqələrində milli komandanın futbolçuları az qala bir-birinin üstünə hücum çəkdilər.
AFFA rəhbərliyinin məşqlərə qatılması, düşərgəyə baş çəkməsi, futbolçularla görüşməsi və prosesə yaxınlığı bu qədər önəmli idisə, niyə bunun meydandakı əksi görünmədi?
Yoxsa federasiya rəhbərlərinin məşqlərdə görünməsi daha çox foto və xəbər xarakteri daşıyırdı?
Ayxan Abbasovun digər açıqlamaları da vəziyyəti daha qaranlıq edir.
Baş məşqçi bir tərəfdən bildirir ki, milli komandanın əsas məqsədi FIFA reytinqində yüksəlməkdir: "Biz reytinqimizi qaldırmalıyıq. Amma hazırkı məqsədimiz xallar yığmaq və FIFA reytinqində irəliləməkdir".
Digər tərəfdən isə yoldaşlıq görüşlərini futbolçuları yoxlamaq, onları iş başında görmək və müxtəlif variantları sınaqdan keçirmək üçün fürsət kimi təqdim edir.
Burada isə əsas ziddiyyət ortaya çıxır.
Reytinq xalları qazanmaq istəyən baş məşqçi adətən eksperimentlərə minimum yer verir. Eksperiment aparan baş məşqçi isə nəticə riskini əvvəlcədən qəbul edir. Abbasov isə hər iki istiqaməti eyni vaxtda əsas məqsəd kimi təqdim edir.
Malta oyunu göstərdi ki, nə nəticə baxımından inandırıcı mənzərə ortaya qoyuldu, nə də komanda daxilində AFFA-nın təqdim etdiyi ideal atmosfer görüntüsü öz təsdiqini tapdı.
Əksinə, oyunun son dəqiqələrində yaşanan qarşıdurma həm baş məşqçinin müsahibədə dediklərini, həm də federasiyanın günlərlə yaratmağa çalışdığı "yüksək ab-hava" görüntüsünü ciddi şəkildə kölgə altına saldı.
Bu gün əsas sual budur: azarkeşlər Ayxan Abbasovun açıqlamalarına inanmalıdır, yoxsa Malta ilə oyunun 86-cı dəqiqəsində gördüklərinə? Çünki futbol tarixində ən obyektiv şahid həmişə meydan olub. Malta matçında isə meydan deyilənlərlə göstərilənlərin eyni olmadığını ortaya qoydu.

















































































