Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasovun Sportnet.az-a müsahibəsi
- Millinin Malta və San Marino ilə yoldaşlıq görüşlərinə hazırlığı barədə nə deyə bilərsiniz?
- Bir neçə futbolçumuzun çıxış etdiyi liqalarda çempionatlar tez başa çatmışdı. Onlar fərdi məşqlər edirdilər. Mayın 28-dən isə kollektiv məşqlərə başlamışıq. İki yoldaşlıq görüşümüz var. Malta və San Marino ilə oyunlarda daha yaxşı nəticələr göstərmək istəyirik. Qarşılaşmalar milli çempionatlar bitdikdən sonra keçirilsə belə, futbolçularımıza inanırıq. İnanırıq ki, UEFA Millətlər Liqasından əvvəl sonuncu toplanışdan maksimum nəticələr çıxaracağıq.
- Millinin futbolçularından Toral Bayramov yenicə Türkiyə "Bursaspor"una transfer olundu. Sizcə, Çempionlar Liqasında çıxış etmiş "Qarabağ"dan qardaş ölkənin I Liqa klubuna keçmək onun üçün geriyə addım deyilmi?
- Bilirik ki, "Bursaspor" böyük bir layihədir. Onlar neçə ildir əziyyət çəkirdilər, Superliqaya qayıtmaq istəyirlər. Məncə, Toral ora bir illik getməyib. Klubun yüksək hədəflərinin nəticəsidir ki, legionerlər də transfer edirlər. Deməli, imkanları yaxşıdır. İnanıram ki, yaxşı kollektiv formalaşacaq və Bayramov orada təcrübə qazanaraq, gələn il Superliqada əsas heyət futbolçusuna çevriləcək.
- Yəni, bu keçidi müsbət qarşıladınız...
- Əlbəttə, istəyirik ki, futbolçularımız xaricə çıxsınlar. Əlbəttə, daha yaxşı komandalara getsələr, daha da yaxşı olar. Amma unutmayaq ki, futbolçu oynadığı klubu seçməlidir. Bursa yaxşı şəhər, "Bursaspor" köklü komandadır. Azarkeşlərinin necə möhtəşəm olduğunu bilirik. Toral orada sabit çıxış etsə, növbəti ilində hazır futbolçuya çevriləcək.
- Əslində Çempionlar Liqasındakı çıxışından sonra "Qarabağ"ın futbolçularının daha iddialı klublara keçəcəklərini, onlara Avropadan təkliflərin gələcəyini gözləyirdik. Lakin nə yerli futbolçulardan, nə də legionerlərdən ciddi irəliləyiş görmədik. Bunu nə ilə əlaqələndirmək olar?
- Futbolçularımızı qınamaq olmur. Görürsünüz, Azərbaycan Premyer Liqasına təklif gəlməsi və futbolçuların hansısa iddialı əcnəbi komandalara getmələri çox çətindir. Amma müəyyən yerdəyişmələri görürük. Toral Bayramovdan əvvəl Murad Məmmədov "Neftçi"dən Kipr "Pafos"una keçdi. Digər legionerlərimiz də var. Gərək o çempionatlarda özlərindən mütəmadi söz etdirsinlər ki, digər azərbaycanlı futbolçulara da maraq olsun. Mən inamlıyam! Sevindirici hal odur ki, gənclərimiz legioner olmaq, futbolçular xaricə çıxmaq istəyirlər. Yəqin ki, çoxalarlar.
- Bura Elvin Cəfərquliyevi də aid etmək olarmı?
- İnanıram ki, Elvin də yaxşı çempionata gedəcək. Çünki qarşısına ölkədən çıxmağı qoyub. Özü Azərbaycanın ən yaxşı futbolçusu seçilib. Bəlkə də "böyük beşlik" çempionatlarında çıxış edəcək səviyyədədir.
- Cəfərquliyevi Azərbaycan millisinə dəvət edərkən, onun "Qarabağ"da yol verdiyi intizamsızlığın dərəcəsi ilə maraqlandınızmı?
- Bəli, maraqlanmışıq. Bilirik ki, "Qarabağ" Elvin üçün böyük işlər görüb. Qurban Qurbanov Cəfərquliyevə hələ gənc yaşlarından avrokuboklarda inanan baş məşqçi olub, Çempionlar Liqası qarşılaşmalarında əsas heyətdə şans verib. Əziyyətləri böyükdür. Amma belə hallar da olur. Kluba məxsus məsələdir, ictimaiyyətə açıqlanmayıb. Milli komanda və klub ayrıdır. Amma əlbəttə, bu, davam edərsə, Elvinin karyerasına təsir göstərə bilər. Onlar yollarını ayırırlar. Biz isə ümid edək ki, Elvin Cəfərquliyev bundan dərs çıxaracaq və yaxşı komandaya transfer olunacaq.
- Bəs millinin düşərgəsində Cəfərquliyevlə bağlı bənzər olaylar olubmu?
- Heç vaxt! Təkcə Elvinlə bağlı yox. Milli komanda hər bir futbolçunun arzuladığı yerdir və orada heç bir futbolçuya elə bir imkan verilməz. Bizim vaxtımızda bu cür hal baş verməyib.
- UEFA İcraiyyə Komitəsi 2027/2028 mövsümündən D Liqasının olmayacağını açıqlayıb. Bu qərarla maraqlanmısınızmı və hazırda D Liqasında yer alan Azərbaycan millisində arxayınlıq yaranmayıb?
- Xeyr, hazırda biz onu fikirləşmirik. Zatən reytinqdə irəliləmək üçün xallar yığmağı qarşımıza məqsəd qoymuşuq. "FIFA Series"dən sonra yoldaşlıq görüşləri olacaq, daha sonra Millətlər Liqasının oyunlarına çıxacağıq. Biz reytinqimizi qaldırmalıyıq. Millətlər Liqasında qrupumuzda birinci yeri tutmağı hədəfləmişik. Gələcəkdə hansı liqada çıxış edəcəyimiz bizə gələcəkdə maraqlı olacaq. Amma hazırkı məqsədimiz xallar yığmaq və FIFA reytinqində irəliləməkdir.
Elşən MƏMMƏDOV








































































