
“Hamı yerli məşqçiləri günahlandırır. Amma biz əzab-əziyyət çəksək də, az büdcə ilə nəticə versək də, yenə dəyərimiz yoxdur. Heç bir əcnəbi isə gəlib, şəraitsiz klubda işləməz”.
Bunu Sportnet.az-a açıqlamasında “Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.
54 yaşlı mütəxəssis bildirib ki, Azər Bağırovun istefasından sonra “sarı-göylər”in sükanı arxasına yerli mütəxəssisin keçəcəiyini düşünür: “Gəncə təmsilçisi əcnəbi də, yerli baş məşqçi də gətirə bilər. Düşünürəm ki, o komandanı Premyer Liqada saxlayan yerli baş məşqçilər olub.
Büdcəsi az olduğu, şəraitsiz vaxtlarda, komandanın həkiminin belə olmadığı dönəmində biz elitada qaldıq. Məndən sonra Adil Şükürov, Azər Bağırov gəldi və eynisini etdilər. Sonra isə lazım olmadılar. Klubdan açıqlama vardı ki, yeni gələn yerli mütəxəssis olacaq. Yaşayaq, görək. Proseslər uzanır. Düşünürəm ki, yerli baş məşqçi ilə anlaşma olub, sadəcə açıqlama vermirlər. Deyəcəyim bir şey yoxdur. Hər halda, yekun qərarı yeni rəhbərlik verəcək”.
Əhmədov Premyer Liqa təmsilçilərinin yerli mütəxəssislərə inanmamasından təəssüfləndiyini bildirib. Onun fikrincə, nəticə verən baş məşqçi işindən ayırdıqları üçün klublar uzunmüddətli strategiya ortaya qoya bilmirlər: “Bizdə karusel məsələsi ortaya çıxıb. Bu məşqçi buradan çıxarılır, ora göndərilir, oradan çıxarılır bura göndərilir. 2 saat ərzində bir komandadan digərinə keçir. Baxırıq ki, illərdir eyni məşqçilər dövr edir, lakin savadlı məşqçilərin hamısı kənarda qalır. Klublarımızın hansı biri inkişaf edir desək, bir “Qarabağ”, digəri “Zirə”dir. Hansı ki, heç kimdən asılılıqları yoxdur, sərbəst komandadırlar. Ona görə də inkişaf gedir, 1-2-ci yerdədirlər, qarşıya qoyduqları məqsədə çatıblar. Digərlərində çətinlik, qarışıqlıqdır. Nə baş verir, bilmirsən. O baş məşqçi barədə belə yazırlar. Nəticə verən məşqçilərə güvənib, rahat işləməyə qoymurlar. Problem tək “Kəpəz”də deyil, bir neçə klubda acınacaqlı vəziyyətdir”.
Qeyd edək ki, Tərlan Əhmədov 20223/2024 mövsümündə “Kəpəz”in baş məşqçisi olub.