
İngiltərənin “Mançester Yunayted” klubu məşhur Amazon platforması ilə birlikdə planlaşdırılan sənədli filmin çəkilişindən imtina edib.
Sportnet.az “The Athletic”ə istinadən xəbər verir ki, klubun pərdəarxası həyatını əks etdirəcək layihə ilə bağlı danışıqların dayanmasına portuqaliyalı baş məşqçi Ruben Amorim səbəb olub.
O, çəkiliş prosesinin komandanın fəaliyyətinə müdaxilə edəcəyini və futbolçuları əsas işlərindən yayındıracağını əsas gətirərək buna qarşı çıxıb.
Amazon tarixində ən bahalı sənədli film müqavilələrindən biri olan bu layihənin danışıqları yay aylarına qədər müsbət yöndə davam edirdi. Platforma bu əməkdaşlıq üçün 10 milyon funt sterlinqdən xeyli çox təklif etmişdi ki, bu da sənədli kontent üzrə rekord göstəricidir.
Çəkilişlərin 2025/2026 mövsümündən komandaya demək olar ki, məhdudiyyətsiz çıxışla başlanması nəzərdə tutulurdu.
Qeyd edək ki, Ruben Amorim 2024-cü ilin noyabrından “Mançester Yunayted”in baş məşqçisi kimi fəaliyyət göstərir.