
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin Albaniyanın “Partizani” komandasının heyətində ilk rəsmi görüşü bu gün UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşündə gerçəkləşə bilər.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçinin adı Estoniyanın “Kalyu” klubuna qarşı ev oyununun iştirak ərizəsinə salınıb.
Hətta klub matç günü afişasını Vüsal İsgəndərlinin şəkli ilə paylaşıb.
İsgəndərli Teleqraf-a açıqlamasında ilk görüşdə iştirak etməməsinin səbəbini belə izah edib: “Şəxsiyyət vəsiqəmlə bağlı problem var. Yeni vəsiqə almalıyam, amma hələ bu, həllini tapmayıb. Buna görə də Konfrans Liqasındakı səfər oyunlarında iştirak edə bilmirəm”.
Qeyd edək ki, Vüsal İsgəndərli Türkiyənin “Boluspor” klubundan ayrılaraq “Partizani" ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı oyunçunun yeni klubunda debütü təlim-məşq toplanışında Şimali Makedoniya təmsilçisi “Rabotniçki”yə qarşı olub. Komandasının 3:0 hesablə qələbəsi ilə başa çatan görüşdə İsgəndərli ilk hissədə meydanda olub, ikinci yarıda əvəzlənib.