
İspaniyanın “Real Madrid” klubunun və Braziliya millisinin futbolçusu Rodriqo Qoesin İngiltərə təmsilçisi “Mançester Siti”yə transferi bir şərtlə baş tuta bilər.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano öz sosial şəbəkələrində məlumat yayıb.
“Mançester Siti” Rodriqonu yalnız yarımmüdafiəçi Savio komandadan ayrılacağı halda transfer edə bilər. Hazırda “şəhərlilər” Savionu İngiltərə “Tottenhem”inə satmaq üçün danışıqlar aparsa da, razılaşma əldə olunmayıb.
Daha əvvəl Rodriqo klubdan getmək istədiyi təqdirdə “Real Madrid”in onun üçün 100 milyon avrodan çox məbləğ tələb edəcəyi iddia edilirdi.
Qeyd edək ki, ötən mövsüm 24 yaşlı braziliyalı bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.