
"Bizi sabah ağır oyun gözləyir. Neçə gündür buradayıq, yaxşı hazırlaşmışıq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov səfərdə İslandiyaya qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
33 yaşlı yarımmüdafiəçi baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirərək, uğurlu nəticə qazana biləcəklərinə inam ifadə edib.
O, millidə qol rekordunu yeniləmək barədə çox düşünmədiyini də diqqətə çatdırıb: "Daha çox milliyə necə xeyir verə biləcəyim haqqında fikirləşirəm. Komandada ab-hava, motivasiya çox böyükdür. Millidə oynamaqdan böyük motivasiya ola bilməz. Hamımız eyni düşüncə ilə meydana çıxacağıq. Sabah meydanda sözümüzü deməyə çalışacağıq".
Qeyd edək ki, sentyabrın 5-də Reykyavik şəhərindəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.