
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Bolqarıstan yığmasına qarşı Avropa çempionatının seçmə oyununa baş məşqçi qismində Ayxan Abbasov çıxarmayacaq.
Sportnet.az-ın məlumatına görə, bu, Ukrayna ilə 2026-cı il dünya çempionatının seçmə matçında 44 yaşlı mütəxəssisin əsas millinin sükanı arxasında olacağı ilə əlaqədardır.
Bolqarıstanla görüş sentyabrın 9-da saat 18:00-da, Ukrayna ilə qarşılaşma isə saat 20:00-da start götürəcək. Oyunlar müvafiq olaraq, "Dalğa Arena" və Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Bu səbəbdən, Abbasovun fiziki baxımdan hər iki komandanı meydana çıxarması mümkünsüzdür.
AFFA-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, U-21 yığmasını Bolqarıstanla matça Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.
Qeyd edək ki, bu gün Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb. AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.