
Azərbaycan milli komandasının baş məşqçi postundan istefaya göndərilən Fernandu Santuş vida müraciəti yayıb.
Sportnet.az həmin müraciətin mətnini əldə edib.
71 yaşlı mütəxəssisin müraciətində deyilir: "Federasiya prezidentinə (AFFA prezidenti Rövşən Nəcəfə - red.) hörmət və şəxsi diqqətinə görə minnətdarlıq etməyə bilmərəm. Habelə, Azərbaycan xalqına bu dövrdə göstərdiyi qonaqpərvərlik və hörmətinə görə təşəkkür edirəm. 2024-cü ilin iyununda federasiyanın qarşıma qoyduğu məqsəd AVRO-2028-in seçmə mərhələsi üçün rəqabətədavamlı komandanın hazırlanması məqsədilə ölkənin futbol bazasının, o cümlədən, yarış strukturu və məşq prosesinin texniki və infrastruktur restrukturizasiyası ilə bağlı idi. 2024-cü ilin sentyabrında mən işlədiyim digər federasiyalardakı layihələrin bənzəri olan, üzərində lazımi korrektələr edilmiş kompleks plan təqdim etdim. Ümidvaram ki, bu layihə AFFA-ya faydalı olacaq və gələcəkdə yaxşı nəticələrin əldə olunmasına imkan verən futbol istedadlarının tərbiyə və inkişafına lazımi investisiyaların qoyulmasında stimul rolunu oynayacaq.
Hamıya uğurlar arzulayıram".
Qeyd edək ki, Fernandu Santuş AFFA rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında istefaya göndərilib.